26 Ekim 2016 Çarşamba

TALIŞ DİYARININ ORTA ƏSR COĞRAFİYASINA AİD MƏLUMATLAR

İbn Bəzzaz Ərdəbilinin “Səfvət-üs-Səfa“ və Xasəddin Səlabsərayinin “Məqalət- i Seyyid Niki“ əsərlərində Talış orta əsr coğrafiyası.

Talış diyarı Azərbaycanımızın canlı tarix muzeyidir. Zəngin keçmişi ilə fərqlənən bu diyar həmişə tarixçilərin, səyyahların marağına səbəb olub. Talış diyarının tarixi və etnoqrafiyası müxtəlif dövrlərdə bir çox tarixçilər və tədqiqatçılar tərəfindən tədqiq olunmuşdur. Amma yenə də talış xalqının tarixinin tədqiqatında bir çox araşdırılmamış və sirli səhifələr qalmaqdadır.
Talış diyarının tarixi ilə yanaşı həm də coğrafiyası çox böyük maraq doğurur. Çox az tədqiq olunan bölümdür. Baxmiyaraq ki , bu mövzüda istənilən qədər mənbə tapmaq olur. Səyyahların , səlnaməçilərin, tarixçilərin yazdığı əsərlərdən Talış coğrafiyasına aid xeyli məlumat vardır. Biz öz növbəmizdə, Talış coğrafiyasına aid bir necə dəyərli əsərləri tədqiq etmişik. Bu yazıda Talış orta əsr coğrafiyasına aid zəngin məlumatları ilə bol olan iki əsəri nəzərdən keçirərik. 
Birinci əsər :
“Səvfət-üs-səfa” əsəri Səfəvi xanədanının əcdadlarından biri, XII-XIV əsrdə yaşamış sufi şeyxi, Şeyx Zahid Gilaninin müridi, Şah İsmayılın 5-ci babası, Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin İshaq Ərdəbilinin həyatı ilə bağlı rəvayətlərə həsr olunmuş iri həcmli əsərdir.
Əsər və onun müəllifi haqqında.  “Səvfət-üs-səfa” və ya “Əssəs ül-məvahib sünniyyə fi mənaqib əs-səfəviyyə” əsəri İbn Bəzzaz adı ilə məşhur dərviş Təvəkküli bin İsmayıl bin Hacı Ərdəbili tərəfindən yazılmışdır. Əsərin müəllifi İbn Bəzzaz Ərdəbili Şeyx Səfiəddin Ərdəbilinin oğlu Şeyx Sədrəddin Musanın müasiri olmuşdur. O, bu kitabı uzun müddət ərzində yazmış və 759 h.q. (miladi 1357) ildə bitirmişdir. Əsərin müəllifi haqqında çox az məlumat vardır. Onun Ərdəbilli olması və əsəri Şeyx Sədrəddinin tövsiyəsi ilə yazdığı məlumdur.
 “Səfvət-üs-səfa” əsərinin nüsxələri haqqında məlumatlara baxaq. Kitabın ilk nüsxələri günümüzə gəlib çatmamışdır. Əsərin hazırda əldə olan ən qədim nüsxəsi İstanbulda Aya Sofiya kitabxanasında saxlanılan və yazılma tarixi h.q. 896 ilə aid nüsxədir. Əsərin sonrakı nüsxələri Səfəvi şeyxlərinin əmri ilə müxtəlif təhriflərə məruz qalmışdır. Bu təhriflər ilk növbədə Səfəvi nəslinə saxta seyidlik sənədinin düzəldilməsi və Şeyx Səfiəddinin sünni məzhəbinə aid olması haqqındakı məlumatların çıxarılması ilə əlaqədardır. Belə təhriflərdən birinin müəllifi, Şah Təhmasibin əmri ilə bu işi görən Mir Əbülfəth Hüseyni əsəri “təshih  etmək” əmrinin səbəbini müəllifin (İbn Bəzzazın) sünni təriqətinə mənsub olması ilə əsaslandırır. Şah İsmayıl və onun xələfləri təhriflərin izini gizlətmək üçün əsərin bütün qədim nüsxələrinn yox etməyə çalışsalar da, əsərin bir neçə nüsxəsi, o cümlədən Aya Sofiya nüsxəsi daha az təhriflərlə günümüzə gəlib çatmışdır. Həmin nüsxə görkəmli İran alimi Qulamrza Təbatəbai Məcd tərəfindən əsas götürülərək digər nüsxələri də nəzərə almaq şərti ilə 1994-cü ildə Təbrizdə nəşr edilmişdir.
Bu əsərdə orta əsr Talışına aid qiymətli coğrafi, tarixi və etnoqrafik məlumatlar vardır. Bunlara bir çox yer adları, Şeyx Səfiəddinin dövründə İranda və Talışda hökmranlıq edən şəxslər, eləcə də bəzi linqvistik və etnoqrafik məlumatlar aiddir.
               
İkinci əsər :
“Məqalat-i Seyyid Niki” əsəri  Xasəddin Səlabsərayi tərəfindən 58 səhifədə nəstəliq xətti ilə yazılmış və İranda aylıq “Talış” dərgisinin redaktoru Şəhram Azmudənin səyləri nəticəsində çap edilmişdir. Əsərdə hazırda məzarları Azərbaycan respublikasının ərazisində ziyarətgah sayılan orta əsr sufi şeyxləri Seyid Cəmaləddin, Şeyx Zahid, Baba Gil , Piri Ərəb və digərləri haqqında məlumatlar vardır. Əsərin müəllifliyi Molla Xasəddin Səlabsərayi Navi Talışiyə aid edilir. Molla Xasəddin Səlabsərayi İran Talışında Əsalım nahiyəsinin Nav məntəqəsinin əhalisindəndir. Doğulduğu və yaşadığı yer Səlabsəra (indiki Səvləse) kəndidir. Yaylaq yeri Təkərəvuni  kəndi olmuşdur. Övladlarının dediyinə görə,  tam adı Sufi Məhyəddin bin Sufi Mədəd bin Sufi Əlixan (Əlxan) bin Sufi Mədəd bin Sufi Mehdixan bin Mirzəxan bin Mirzəcandır. Əsərlərindən birində hicri qəməri 1180-ci il göstərilir. Lakin bu əsəri h.q. 1234-cü ildə tamamlamışdır. Səvləse kəndində vəfat etmiş və Çaləzəmi adlı yerdə dəfn edilmişdir.
Talış coğrafiyasına aid məlumat toplayan Müşfiq Kərimov bildirir ki bəzi faktlar əsərin ilk müəllifinin Xasəddin Səlabsərayi olmasını şübhəyə almağa əsas verir.
Əvvəla, mərhum Behruz Nemətullahinin Astaranın tarixinə aid yazdığı “Tarix-e camee-ye Astara və hokkam-e Nəmin” (fars dilində) kitabında eyni rəvayətlər cüzi fərqlərlə (Minabadi tərəfindən yazılmış) “Kəramət əl-arifin” kitabı kimi sitat gətirilir. Həmin nüsxədə Molla Xasəddinin müəllifliyi qeyd olunmur. Düzdur, həmin əsər əlimizdə deyil, ona görə, yekdilli fikir söyləyə bilmərik ki, hansı əsər daha əvvəl yazılıb.
İkincisi, əsərin dili orta əsr mənbələrinə daha yaxındır və XVIII-XIX əsrə görə daha arxaik görünür. Bundan əlavə, müəllifin bir çox yer adlarında verdiyi xətalar da onun öz yazdıqları haqqında tam məlumatlı olmasını şübhə altına alır. Bütün bunlar yəqin ki, gələcək araşdırmalardan sonra aydınlaşa bilər. Qeyd etmək vacibdir ki, əsər Molla Xasəddinin əli ilə bizə gəlib çıxmış və ona görə onun xidməti əvəzsizdir. Ona görə hazırda əsər Molla Xasəddin Səlabsərayinin müəllifliyi altında nəşr edilir.
 Beləliklə, “Səfvat-üs-Səfa“ və “Məqalət-i Seyyid Niki“ əsərlərində adı çəkilən Talışa aid və ya ona qonşu olan yerlərə aid qısa məlumat : ( Əlavə olaraq Talışda yaşayan Şeyx, Seyyid, Baba, Pirlərin adı ) .
1. İsfəhbod Gilanı-“Səfvət-üs-Səfa“ əsərində Şeyx Səfiəddinin mürşid axtarışında olarkən ona Şeyx Zahidin yeri belə  nişan verilir: “Əmir Abdullah dedi: - Şeyx Zahidin yeri İsfəhbod Gilanındadır... O, Gilan ki, sizin vilayətə (Ərdəbilə) yaxındır. Onun xəlvəti dəniz kənarında, şərqdən açıqdır, günəş tülu edərkən şüası ora düşür...”. İsfəhbod Gilanının və onun hakimi Məlik Əhmədin adı (bəzi yerlərdə Potşo Əhməd -Padişah olaraq keçir) “Səfvət-üs-səfada” dəfələrlə çəkilir.
İsfəhbod əyaləti  Şimali Talışda orta əsrlərdə geniş tarixi vilayət olmuş və Talışın Azərbaycan Respublikasında olan hissəsinin əksəriyyətini, İran Astarasının ətrafını və indiki Ərdəbil ostanının Gilana yaxın hissəsini əhatə etmişdir. İsfəhbod hakiminin (padşahının) oturduğu yer hazırda Astara rayonunun İranla sərhəd zonasında qalan Şindan qalası olmuşdur. Mənbələrdə bu yerin adı İsfəhbod, Sepəhbod, Sipibod kimi qeyd olunmuşdur. Orta əsr mənbələrindən biri, Tarix-e Olcaytu” kitabının müəllifi Əbülqasim Kaşani Gilanın ərazisini təsvir edərkən qeyd edir: “...Rudsərdən Şindana, yəni Sepahbod məmləkətinin padşahının məqamına qədər ki, oranın eni və uzunluğu iki günlük yoldur. ...bu tərəfdə Muqan Gilana sərhəddir... Sepahbod məmləkəti və vilayətində ki, oranı Gilan əhlinin adəti ilə Siyah Gilan adlandırırlar.”
Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərində Cilan (Gilan) ərazisi təsvir edilərkən İsfəhboddan dördüncü iqlimdə yerləşən, orta ölçülü, çoxlu nahiyəyə və yüzə yaxın kəndə malik şəhər (vilayət) kimi söz açılır.
“Məqalat-i Seyyid Niki” əsərində  isə  İsfəhbod hakimləri Astara padşahı kimi təqdim olunur, lakin oturduğu yer Şindan, titulu isə Əspar, yaxud Əsbar (şimal dialektində “aspo”) kimi qeyd olunur (Əsbar Məhəmməd, Əsbar Salar və s.). Bəlkədə Sıvo kişi şəxs adları məhz burdandır. Məsələn : Xansıvo ( Xansuvar ), Şahsıvo ( Şahsuvar ), Əğəsıvo ( Ağasuvar ) və s.

2. Xanbili -“Xanboli Gilanda nahiyədir ki, orada Hilyəkəran və Siyavərrud kəndləri yerləşir”. Xanbili Şimali Talışın ən qədim məntəqələrindən biridir. Adı ilk dəfə X əsrə aid farsdilli anonim “Hüdud əl-aləm” əlyazmasında (“Xanbli” kimi) çəkilir. “Məqalat-i Seyyid Niki” əsərində adı Xanbili və ya Xunbili şəklində qeyd olunur. Hazırda Lənkəran rayonununda Xolmili adında kənd vardır. “Səfvət-üs-səfada” qeyd edildiyi kimi, dənizə yaxın olduğuna və yaxınlığında Siyavər kəndinin indi də mövcud olduğuna görə, heç şübhəsiz, söhbət Xolmilidən gedir. Amma bununla yanaşı Xımbəloni (Xanbulan) kəndidə mövcüddür. Lakin o kənd dənizə biraz uzaqdır.Bəlkədə Xımbəlon adı mahal olaraq keçib Xolmili isə sadəcə bir kənd olub. Talış xanlığının inzibati ərazisinə əsasən Xanbili mahalı Siyavar, Aşağı Nüvədi, Şıxəkəran, Xolmili və s. dəniz kənarı kəndlər daxil olub. Demək Xanbilinin elə Xolmili olması daha ağıla batandır...
Ardı növbəti sayımızda..
Rəzzaq Xansıvo,
Tarixçi-tədqiqatçı,
Qızıl qələm mükafatı laureatı.

“ALƏM” N:1 (1) 2016



Hiç yorum yok:

Yorum Gönder